Həyat hekayələriI | ` Əgər, yoxluğunda yoxsa varlığın…`
Oktyabrın 14-ü BÖYÜK MƏMMƏD ARAZIN döğum günüdür!
Bəzən elə-belə - söz xatirinə, ya da kiməsə xoş gəlsin, təm-təraqlı alınsın deyə, hər ada “böyük” sözünü yamaq vururuq. “Böyük sənətkar...”, “Böyük insan...” Amma bu söz onun adının yanında heç vaxt yamaq kimi görünməyib.
...Mən də böyüdüm. Evimizin arxasından keçən qatar məni bütün kənd uşaqlarının əlçatmaz arzusuna - Bakıya apardı. Bakıda olmaq onunla bir gün görüşə biləcəyimə inanmaq demək idi.
...Ona lap çoxdan şerlərinin sehrinə düşdüyümü , onları oxuduqca böyüyüb dəyişdiyimi, şair ölmaq istədiyimi –hamısını bircə-bircə danışdım. Sonra ürəyim əsə-əsə yazdığım ilk şeiri ona göstərdim. Oxuyub gülümsündü....
- Cücənin biri yoxdu, gör, qonşunun çəpərinə keçməyib?!
Bacımın səsi məni xəyaldan ayırardı. Key-key gah onun üzünə, gah da, yan-yörəmə baxardım. Şəhər nə gəzir, həyətimizdəki tut ağaçının kölgəsində oturmuşam. Ayağa qalxıb itmiş cücənin dalınca qaçmaq istəyəndə şeir kitabı qucağımdan yerə düşərdi...
İllər sonra qatar məni doğrudan da, Bakıya apardı...
Tələbəydim. Bir gün cəsarətimi toplayıb rəfiqəmlə onu görməyə getdim. İkimiz də həyəcanlıydıq. O, Azərbaycan Nəşriyyatında işləyirdi. “Azərbaycan təbiəti ” jurnalının baş redaktoru idi. Fikirləşirdik, yəqin, bizimlə görüşməyə vaxtı olmayacaq. Ya da...kimik axı?!
...Biz içəri girəndə , o, oturduğu yerdən qalxmaq istədi. Amma ayaqları sözünə baxmadı. Özümüzü itirdik. Onasarı bir-iki addım atıb yenə dayandıq, bir-birimizin üzünə baxdıq. Rəfiqəm məndən cəsarətli çıxdı:
- Zəhmət çəkməyin!
O, əlinii yellədib, “yox! ” işarəsi verdi. Sonra min bir əzabla ayağa durub, bir-iki addım atdı. Titrəyən əlini bizə uzatdı. Nəsə demək istədi, amma... üzünün ifadəsi dəyişdi, deyəsən, gülümsündü. Bu dəfə də rəfiqəm vəziyyətdən çıxa bildi:
-Salam, şair, necəsiz?!
Yenə danışmaq istədi, yenə üzü dəyişdi...
Uzun bir sükut... Daha kəlmə kəsməyə cəsarətimiz çatmadı. İkimiz də günahkar kimi başımızı aşağı salıb dimməzcə dayandıq. Kənddəykən uydurduğum xəyalları xatırladım. Şeirlərindən ruhunu duyduğum bu insanla görüşməyi neçə illər arzulamışdım! Amma belə səssiz görüş heç ağlıma gəlməzdi. Başımı qaldırıb ona baxdım, xəstəlikdən üzülmüşdü, qocalmışdı. Kitablarındakı şəkilinə heç oxşamırdı. Amma yenə də BÖYÜK idi...
... onunla sağollaşıb otaqdan çıxanda bizi yola salmaq istədi. Arxamızca iki addım atııb dayandı...
Bu, mənim BÖYÜK ŞAİR, BÖYÜK İNSAN – BÖYÜK MƏMMƏD ARAZLA ilk, həm də son görüşüm oldu. Bir ömrə işıq salmağa bəs eləyən GÖRÜŞ...
O görüşü sonralar çox xatırladım. Tanınmış birinin kabineti ağzında saatlarla gözləyəndə, hansısa vəzifəli həmkarımın otağına girəndə onun yerindən belə, qımzanmadığını görəndə, iki –üç çızma-qara yazıb özünü dahi sayanlarla rastlaşanda yadıma BÖYÜK MƏMMƏD ARAZ düşdü. Bir də, ruhum öləziyəndə... Şairi xatırlayıb yenidən güc aldım:
Əgər, yoxluğunda yoxsa, varlığın,
Demək, varlığında sən elə yoxsan.
Yoxluğunda da var olmağı bacaran BÖYÜK MƏMMƏD ARAZ!